A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr 11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısı alınarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun məzarını ziyarət ediblər.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, fəal tələbələr şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. 

Daha sonra Abşeron rayonunun Saray qəsəbəsində ailə üzvləri ilə görüş keçirilib.

Vidadi Nizami oğlu Zalov 17 iyul 1985-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1992-2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə təhsil alıb.

Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə başçısı cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölkə başçısı cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamına əsasən Vidadi Zalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

Allahdan şəhidimizə rəhmət, ailə üzvləri və yaxınlarına səbr diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay