Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş xüsusi dərs keçirilib.
Dərsdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 İyun gününün tarixi əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüşün yarandığını, həmçinin beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlandığını vurğulayıb.
“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova çıxış edərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. O vurğulayıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Ulu Öndərin xilaskarlıq missiyası ölkəni məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoydu.
Dərsin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.