A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2020-ci il məzunu Aqil Mirzəliyevin avqust ayının 27-də doğum günü idi. Yaşasaydı 25 yaşı olacaqdı.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və şəhidin tələbə yoldaşları şəhidin ailə üzvləri ilə birlikdə Aqil Mirzəliyevin məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevə həsr edilmiş “Göyərçinə Dönən Qəhrəman” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim-şagird kollektivi, ailə üzvləri və döyüş yoldaşları, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbirdə fakültə dekanı dosent Hafis Hacıyev tələbəsi Aqil Mirzəliyev ilə bağlı xatirələrini bölüşüb, onun savadlı və bacarıqlı, Vətənini sevən bir gənc kimi yaddaşlarda əbədi qaldığını deyib.

Qeyd edək ki, Aqil Mirzəliyev 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və 23 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Aqil Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay