A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 18 Oktyabr– Müstəqilliyin Bərpası Günü münasibətilə xüsusi dərs keçirilib.

Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 1991-ci ilin oktyabr ayının 18-də Konstitusiya Aktı qəbul edilməklə, ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində – müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini vurğulayıb, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlərin dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsi olduğunu qeyd edib. 

Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova “18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür” mövzusunda çıxış edərək müasir Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib, 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyinin bərpa edilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifənin açıldığını qeyd edib, ərazi bütövlüyünün bərpasının və dövlət sərhədlərinə tam nəzarətin 30 il sonra – Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edərək əldə etdiyi Qarabağ zəfərinin ardından mümkün olduğunu vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR