Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı UNEC-in tədbirlər planı çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsində “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda seminar keçirilib.
Tədbirdə fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlardan söz açıb. O, Prezident İlham Əliyevin 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında” Sərəncamına diqqət çəkərək, işğaldan azad edilmiş rayonlarda “ağıllı kənd”lərin salınması işlərinə başlanıldığını diqqətə çatdırdı.
Sonra Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun professoru Elmxan Cəfərov çıxış edərək, hazırda dünyada ətrafı mühitin deqradasiyası, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərin müşahidə olunduğunu qeyd edib. O, ölkəmizin ev cahibliyi ilə keçirilən COP29-da qəbul olunan qərarların qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi olduğunu vurğulayıb.
Seminarda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.