A

UNEC-in 95 illik yubileyi ilə bağlı Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq İqtisadiyyat və idarəetmə fakültəsi, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının əməkdaşları “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olublar.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, kafedranın dosenti, “Sosial iş” ixtisasının rəhbəri Fəridə Qurbanova,  baş müəllimlər Esmira Abdullayeva və Fidan Səfərova tələbələrlə birlikdə uşaq sığınacağını ziyarət ediblər.

Ziyarət zamanı uşaqlarla maraqlı söhbətlər aparılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub. Uşaqlar sığınacaqda onlara keyfiyyətli sosial və psixoloji xidmətlərin göstərilməsindən, peşə kurslarına cəlb olunmalarından və digər təqdim olunan xidmətlərdən məmnunluqla danışıblar.

Tədbirdə Mərkəzin rəhbəri Kəmalə Ağazadə UNEC kollektivinə öz təşəkkürünü bildirməklə yanaşı, uşaqların sosial, hüquqi baxımdan müdafiəsi, hərtərəfli inkişafları, istedad və bacarıqlarının aşkarlanması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif proqram və layihələrin həyata keçirilməsindən bəhs edib.

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə səfər xoş təəssuratlarla yadda qalıb.

TOP XƏBƏRLƏR