Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirakı ilə “Sağlam sabah” layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdən öncə tədbir iştirakçıları ilə Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov arasında görüş olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasının rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, həmin şöbənin böyük mütəxəssisi Nərgiz Kərimova və digərləri iştirak ediblər.
Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov tədbiri giriş sözü ilə açaraq “Sağlam sabah” layihəsinin Universitetin tələbə heyəti üçün çox faydalı olacağını qeyd edərək Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə 3 nömrəli Tələbə Poliklinikasının baş həkimi Adilə Ukalayeva tədbirin məqsədi haqqında məlumat verərək, belə mühüm layihələrin həyata keçirilməsinin gənclərin maarifləndirilməsi istiqamətində önəmli rol oynadığını nəzərə çatdırıb. Baş həkim, həmçinin ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artırıldığını bildirməklə yanaşı, hər bir vətəndaşın Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində bütün tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə imkanlarının olmasını vurğulayıb.
Tədbir Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Vüsalə Əliyevanın, 8 nömrəli Uşaq Poliklinikasının psixoloqu Zöhrə İslamzadənin və 5 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Leyla Məmmədovanın çıxışları ilə davam etdirilib.
Tədbir zamanı gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, zorakılığın növləri, kiberzorakılıq, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, gəncləri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.
Universitetin “Maliyyə və mühasibat” fakültəsinin 70 nəfər tələbə heyətinin cəlb olunduğu tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələrə sağlam həyat tərzi, zərərli vərdişlər barəsində anonim sorğu təqdim olunub. Sorğunun nəticələrinin emal olunaraq gələcək tədbirlərdə daha aktual məsələlərə aydınlıq gətirilməsi planlaşdırılıb.