Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici açıq dərs təşkil olunub.
Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək, insan alverinin cəmiyyət üçün yaratdığı təhlükəli nəticələrdən danışıb. O, bu qlobal problemin qarşısının alınmasında gənclərin düzgün maarifləndirilməsinin və hüquqi biliklərlə silahlanmasının önəmini vurğulayıb. Tələbələr diqqətli olmağa, hüquqi məlumatlarını artırmağa və bu sahədə məsuliyyətli vətəndaş kimi davranmağa çağırılıb.
Daha sonra fakültənin baş müəllimi Nəriman Xanəhmədov tərəfindən mövzu ilə bağlı təqdimat təqdim olunub. O, insan alverinin müxtəlif formaları, aşkar olunma üsulları, hüquqi aspektləri və profilaktik tədbirlər haqqında geniş məlumat verib.
Maarifləndirici açıq dərsin məqsədi gənclərin insan alveri ilə bağlı məlumatlılığını artırmaq və bu qlobal təhlükəyə qarşı mübarizədə onların fəal mövqe tutmasını təşviq etmək olub.
Tədbirin sonunda iştirakçılara insan alveri mövzusuna dair maarifləndirici video nümayiş etdirilib.