Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Səbail Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, narkomaniyanın təkcə fərdi deyil, eyni zamanda bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu bildirib. O, gəncləri belə vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə çağırıb.
Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Hikmət Qasımov tədbirin əhəmiyyətindən söz açaraq, narkomaniya ilə mübarizə yolları haqqında tələbələrə ətraflı məlumat verib.
Sonra Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Leyla Qarayeva çıxış edərək narkotik asılılığın cəmiyyətdə yayılması və onun sosial-psixoloji təsirləri barədə danışıblar. Gənclər arasında bu problemin qarşısının alınması üçün maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayaraq, təhsil müəssisələrində və ictimai mühitdə profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Sonda narkomaniyanın fəsadlarını və ondan xilas olmanın yollarını əks etdirən videoçarx nümayiş olunub.