Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) çərçivəsində ali təhsil və əmək bazarını bir araya gətirən qlobal təhsil təşəbbüsü olan Future17 layihəsinin 7-ci sessiyası uğurla başa çatıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-in tərəfdaş olduğu və QS ilə Böyük Britaniyanın Exeter Universiteti tərəfindən birgə təsis edilən bu beynəlxalq proqramda UNEC-lə yanaşı Exeter Universiteti, Auckland Universiteti (Yeni Zelandiya), Stellenbosch Universiteti (Cənubi Afrika), Satbayev Universiteti (Qazaxıstan), Hong Kong Çin Universiteti (Çin) və digər nüfuzlu ali təhsil müəssisələri iştirak ediblər.
Sessiya çərçivəsində UNEC-dən 4 akademik mentor Fəridə Babayeva (Beynəlxalq İqtisadiyyat Məktəbi – ISE), Aygün Abdulova (“İqtisadi və Texnoloji Elmlər” kafedrası), Aysel Quliyeva (“Beynəlxalq İqtisadiyyat və Biznes” kafedrası) və Dilavər Kərimli (“Biznesin İdarə Edilməsi” kafedrası) tələbələrə dəstək göstəriblər.
Proqramda UNEC-in ISE, SABAH, Rəqəmsal İqtisadiyyat, Biznes və Menecment, Türk Dünyası İqtisad Fakültəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və UNEC Biznes Məktəbi üzrə ümumilikdə 44 tələbəsi fəal iştirak edib.
Sessiyanın sonunda UNEC nümayəndələri Future17 proqramında uğurlu iştiraklarına görə rəsmi sertifikatlarla təltif olunublar.
Future17 proqramı UNEC üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tədrisdə qlobal standartların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda tələbələr üçün bu təşəbbüs çoxmillətli komandalarla əməkdaşlıq, layihələrin idarə edilməsi, interkultural kommunikasiya və SDG-lər üzrə praktiki bilik və bacarıqların inkişafı sahəsində dəyərli təcrübə qazandırmışdır.