UNEC-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə xüsusi dərslər keçirilib.
Dərslər UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD) və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Universitetin bütün fakültələrində keçirilən dərslər, yalnız mühazirə formasında deyil, həm də interaktiv şəkildə təşkil olunaraq tələbələrin aktiv iştirakı ilə yadda qalıb.
Xüsusi dərslərin keçirilməsində əsas məqsəd Bəxtiyar Vahabzadənin zəngin və çoxşaxəli yaradıcılığını tələbələrə daha yaxından tanıtmaq, gənclərin ədəbiyyata marağını artırmaq və milli-mənəvi dəyərlərin aşılanmasına töhfə vermək olub. Həmçinin, bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli kimliyə bağlılığının güclənməsinə xidmət edib.
Dərslər zamanı tələbələr Bəxtiyar Vahabzadənin ən sevilən şeir nümunələr səsləndirib, şairin yaradıcılığında mühüm yer tutan vətən, dil, azadlıq və milli birlik ideyalarını əks etdirən əsərlərdən parçalar oxuyublar.