Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində (RİM) insan haqlarına dair silsiləvi maarifləndirici görüşlər çərçivəsində “Məişət zorakılığı problemləri” mövzusunda seminar keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında məişət zorakılığına qarşı maarifləndirmə işini gücləndirmək və bu istiqamətdə sosial məsuliyyətin artırılması olub.
Seminarda əsas məruzə ilə UNEC-in “Sosial iş” ixtisasının müəllimi, dosent Tahirə Kərimova çıxış edib. O, bildirib ki, məişət zorakılığı yalnız fiziki zor tətbiqi ilə məhdudlaşmır. Bu fenomenin psixoloji, emosional, iqtisadi və digər formaları da mövcuddur. Məruzəçi vurğulayıb ki, zorakılıq hallarına səssiz qalmaq və dözmək çıxış yolu deyil, bu cür hallarla mübarizə aparmaq, maarifləndirici fəaliyyətə qoşulmaq və həmyaşıdları məlumatlandırmaq vacibdir.
Sonra Rus İqtisad Məktəbinin (RİM) direktor müavini Anar Eyyubov çıxış edərək, real həyatda baş verən müxtəlif sosial hadisələrə toxunub. O, tələbələri bu kimi hallara qarşı hüquqi və sosial baxımdan düzgün mövqe tutmağa çağırıb.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.