Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin şəhid məzunu Hüseyn Muradovun şəhadətinin beşinci ildönümü qeyd edilib.
UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Mehriban Kərimzadə, İqtisadiyyat kafedrasının dosenti Vildan Rizayeva, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi Nərgiz Əliyeva, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə və fakültənin fəal tələbələri Hüseyn Muradovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Hüseyn Muradov 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi İqtisadiyyat fakültəsində təhsil alıb. Universitetdə oxuduğu müddətdə nümunəvi davranışları ilə seçilərək, müəllim və tələbə kollektivinin rəğbətini qazanıb.
27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılaraq, böyük qəhrəmanlıqlar göstərib. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olub.
Hüseyn Muradov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.