UNEC-in Rus İqtisad Məktəbində (RİM) “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun üzrə daxili çempionata start verilib.
İntellektual oyuna bir fakültə üzrə ümumilikdə 90-dan çox tələbənin təmsil olunduğu 16 komanda mübarizəyə qoşulub. Komandaların 9-u birinci kurs tələbələrindən ibarət olub ki, bu da yeni tələbələr arasında intellektual yarışlara olan marağın göstəricisidir.
RİM-in direktor müavini Anar Eyyubov bildirib ki, bu sayda iştirakçının eyni vaxtda oyuna cəlb olunması təşkilati baxımdan çətinlik yaratsa da, gənclərin intellektual inkişafına verdikləri önəmi nəzərə alaraq, RİM Diplomatiya Təşkilatının dəstəyi ilə çempionat paralel olaraq iki ayrı məkanda keçirilib.
Yarış zamanı iştirakçılar həm bilik, həm də zəka bacarıqlarını nümayiş etdirib. Çempionatın ilk qalibi “Felix Felicis” komandası olub.
Komandanın üzvlərinə bilik və uğurun simvolu olaraq müxtəlif mövzulu kitablar hədiyyə edilib.