Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi seminar təşkil olunub.
Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Elmi seminarın əsas məruzəçisi “Humanitar fənlər” kafedrasının professoru, tarix elmləri doktoru Nizami Süleymanov olub.
Professor Nizami Süleymanov çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın konstitusiya əsasında formalaşmasında oynadığı mühüm və qətiyyətli roldan bəhs edib. O, Heydər Əliyevin müstəqil dövlətin hüquqi bazasının yaradılmasında nümayiş etdirdiyi liderlik keyfiyyətləri və uzaqgörən siyasətinin strateji əhəmiyyətini vurğulayıb.
Seminar zamanı, həmçinin, Azərbaycanın müstəqillik dövründə konstitusiya sisteminin inkişaf mərhələləri, bu sahədə həyata keçirilən islahatlar və onların dövlət quruculuğuna verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda tələbələrə mövzu ilə bağlı sual-cavab sessiyası keçirilib və iştirakçılar Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının bu gün də aktual olduğunu qeyd ediblər.
 
															


 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  