UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş elmi–maarifləndirici seminar keçirilib.
Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və İşlətmə kafedrasının dosenti Nazim Cəfərov və tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Cavahirxanım Məmmədova 17 Noyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu günün milli özünüdərk prosesinin güclənməsi və azadlıq mübarizəsində dönüş nöqtəsi kimi dəyərləndirildiyini vurğulayıb.
Daha sonra çıxış edən İqtisadiyyat və İşlətmə kafedrasının dosenti Nazim Cəfərov Milli Dirçəliş Gününün tarixi şəraitindən bəhs edib. O, 1988-ci ildə baş verən hadisələrin milli birliyə təsirini, həmin proseslərin Azərbaycanın müstəqillik yolunda mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb. N.Cəfərov həmçinin milli şüurun formalaşması, müasir gəncliyin tarixi irsdən düzgün nəticələr çıxarması və inkişaf strategiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Seminarın sonunda tələbələr mövzu ilə bağlı suallar ünvanlayıb, fikir mübadiləsi aparılıb və Milli Dirçəliş Gününün gənc nəsil üçün daşıdığı əhəmiyyət bir daha vurğulanıb.