A

UNEC-in 3 saylı tədris binasının kitabxanasında Dizayn Məktəbi, Rəqəmsal İqtisadiyyat və Mühəndislik fakültələrinin tələbələrinin imtahan sessiyasına daha səmərəli hazırlaşmalarını təmin etmək məqsədilə “İmtahan vaxtıdır – oxu, hazırlaş, uğur qazan!” adlı layihə çərçivəsində kitab stendi qurulub.

Layihənin əsas məqsədi imtahan dövründə təhsilalanların imtahana daha yaxşı hazırlaşmasını və imtahanlarda uğur qazanmasını təmin etmək üçün kitabxana resurslarından daha effektiv istifadəyə şərait yaratmaq, onları mütaliəyə təşviq etmək və ixtisas fənləri üzrə biliklərini möhkəmləndirməkdir.

Kitab stendində adı çəkilən fakültələrin tədris proqramlarına uyğun dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və əlavə oxu üçün tövsiyə olunan nəşrlər təqdim olunur. Bununla yanaşı, tələbələr kitabxanada yaradılmış imkanlardan istifadə edərək UNEC-in elektron kitabxanası və abunə olduğu beynəlxalq elmi bazalarda axtarış aparır, imtahanlara hazırlıq üçün zəruri olan rəqəmsal resurslara operativ şəkildə çıxış əldə edirlər.

Qeyd edək ki, kitab stendindən gün ərzində 100-ə yaxın tələbə istifadə edir. Tələbələr layihəni müsbət dəyərləndirərək, çap və elektron resursların bir məkanda təqdim olunmasının imtahanlara hazırlıq prosesini daha səmərəli etdiyini bildiriblər.

Layihə imtahan sessiyası müddətində fəaliyyət göstərəcək və tələbələrin ehtiyacları nəzərə alınaraq stenddəki nəşrlər və elektron resurslara yönləndirmə imkanları mütəmadi olaraq yenilənəcək.

TOP XƏBƏRLƏR