UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Elşən Məmmədov 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik yolundakı tarixi əhəmiyyətindən və xalqımızın sarsılmaz iradəsindən bəhs edib. Bildirib ki, bu hadisəyə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verərək, hadisədən dərhal sonra öz ailə üzvləri ilə birlikdə Azərbaycan nümayəndəliyinə gələrək Moskvadan baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, hadisəyə hüquqi qiymət verilməsini tələb edib.
Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dos. Müşiravan Əliyev 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti və hadisələrin canlı şahidi kimi həmin vaxt baş verənlər barədə məlumat verib. O, faciə zamanı regionda və ölkəmizdə yaranan siyasi vəziyyət barədə danışaraq, qeyd edib ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirib.
Tədbirdə çıxış edən digər iştirakçılar da 20 yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda şəhidlərimizin fədakarlığının gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu xüsusi qeyd olunub.
Sonda 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.