Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunan xüsusi dərs keçirilib.
Dərsdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 20 Yanvar faciəsini bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı və qəddar cinayətlərdən biri kimi səciyyələndirib, 20 Yanvar hadisələrinin tariximizə təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın yenilməzliyini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirən şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edib və bu kimi anım tədbirlərinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək 20 Yanvar hadisələrinin tarixi kökləri, baş vermə səbəbləri, onun ağır nəticələri, bu faciənin səbəbkarlarından söz açıb, 20 Yanvar faciəsinin ümumxalq matəm olması ilə yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisi olduğunu diqqətə çatdırıb, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin rolundan geniş bəhs edib və qalib ölkənin qalib vətəndaşı olması ilə qürur duyduğunu vurğulayaraq, bir daha ölkəmizin başını qara buludların almamasını arzu etdiyini bildirib.
Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.