Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsi əsasında maliyyələşdirilən “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı uğurla həyata keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil edilib.
Festivalın əsas məqsədi şəhid övladlarının bilik, istedad və yaradıcılıq potensialının üzə çıxarılması, onların ictimai fəallığının artırılması, həmçinin milli-mənəvi dəyərlər ruhunda dəstəklənməsi olub.
Tədbirdə layihə rəhbəri, UNEC SABAH Mərkəzinin IV kurs tələbəsi Ceyla Əsgərova, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının nümayəndəsi Aytac Məhərrəmli, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov, eləcə də “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədr müavini Nərgiz Kərimova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
Bədii hissə də iştirakçılar müxtəlif yaradıcılıq nümunələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalın sonunda keçirilən bilik yarışmasının qalibləri müəyyənləşdirilib. Belə ki, birinci yerə “Qarabağ Ulduzları”, ikinci yerə “Zəfər Beyinləri”, üçüncü yerə isə “Xarı Bülbülün Zəkaları” komandası layiq görülüb.
Qaliblər kubok, diplom, medal və hədiyyələrlə təltif olunublar. Bununla yanaşı, bütün iştirakçılara təşəkkürnamələr, bədii yaradıcılıqda iştirak edənlərə isə xüsusi hədiyyələr təqdim edilib.