UNEC-in Rus İqtisad Məktəbinin (RİM) şəhid məzunu Naib Namətovun doğum günü münasibətilə xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan RİM-in direktoru, dosent Mənsur Bərxudarov Naib Namətovun timsalında vətənpərvər gəncin necə olmalı olduğunu, onun hansı mənəvi dəyərlərə sahib olmasının vacibliyini vurğulayıb. O, çıxışında Azərbaycan şair və yazıçılarının vətənpərvərlik ruhunda yazılmış misralarını xatırladaraq, gənclərin milli-mənəvi dəyərlərə bağlı böyüməsinin əhəmiyyətindən bəhs edib.
Naib Namətovla eyni qrupda təhsil almış məzun Aysel Abbasova çıxış edərək onun tələbəlik illərinə dair xoş xatirələrini bölüşüb. O, Naibin vətəninə bağlı, məqsədyönlü bir gənc olduğunu bildirərək, onunla bağlı xatirələrin hər zaman qəlblərində yaşayacağını və əziz xatirəsinin daim hörmətlə anılacağını bildirib.
Şəhidin anası Ellada xanım çıxış edərək tədbirin təşkilinə görə UNEC rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Şəhid övladı ilə fəxr etdiyini deyən ana, hər kəsə belə bir qismətin nəsib olmadığını deyib. Ellada xanım tələbələrə elm və biliklə ciddi məşğul olmağı tövsiyə edərək, bilikli və yüksək mənəviyyata malik gənclərin ən uca zirvələrə çatacağını bildirib.
Bədii hissədə tələbələrin ifasında vətənpərvərlik mövzusunda həzin və ruhlandırıcı şeir nümunələri səsləndirilib.
Sonda şəhidin həyat yolunu əks etdirən foto və videoçarxlar nümayiş olunub.