BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) çərçivəsində QS reytinq şirkəti və Böyük Britaniyanın Exeter Universiteti tərəfindən birgə təşkil olunan ali təhsil, sənaye və əmək bazarı arasında əməkdaşlığı təşviq edən beynəlxalq Future17 proqramının 8-ci sessiyası başa çatıb.
UNEC-in tərəfdaş universitet kimi təmsil olunduğu sessiyada BƏƏ, Yeni Zelandiya, Qazaxıstan və digər ölkələrin ali təhsil müəssisələrindən ümumilikdə 160 tələbə iştirak edib. Onlardan 27 nəfəri UNEC-in tələbələri olub.
Future17 proqramı çərçivəsində tələbələr Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müxtəlif beynəlxalq layihələrdə iştirak ediblər. UNEC-dən 6 mentor tələbələrə metodiki və praktiki dəstək göstərib. Proqramın sonunda UNEC-i təmsil edən 27 tələbədən 26 nəfəri layihəni uğurla başa vuraraq QS tərəfindən rəsmi Future17 sertifikatını qazanıb.
Proqramı uğurla bitirən iştirakçıların 23 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 3 nəfəri isə Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsidir.