UNEC-in Rus İqtisad Məktəbində vergi mədəniyyətinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələr arasında vergi savadlılığının artırılması və bu sahədə mövcud yeniliklər barədə məlumatlandırmanın gücləndirilməsi olub.
Tədbirdə “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Rauf Salayev çıxış edərək, Azərbaycanda vergi mədəniyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O, vergi intizamının artırılmasının iqtisadi inkişaf baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Görüş çərçivəsində vergi mədəniyyətinə dair dərsliklər nümayiş etdirilib, onların əsas müddəaları iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, vergi sahəsində son dövrlərdə tətbiq olunan dəyişikliklər və yeniliklər barədə geniş izahat verilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.