A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. UNEC-də təhsil alan Almaniya, Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İran, Küveyt, Çin, Nigeriya, Əfqanıstan, BƏƏ və digər ölkələrdən olan tələbələrin də iştirak etdiyi səfər “Gəz, Gör, Tanı, Paylaş” devizi altında keçirilib.

Səfərdə məqsəd UNEC-in əcnəbi tələbələrini ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan soyqırım məzarlığı ilə tanış etməkdir. UNEC-in tələbə rektoru Şahin Həsənov əcnəbi tələbələrə dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdiyi qırğının nişanələrindən heyrətə gəldiklərini bildiriblər.

Tələbələr Quba Soyqırımı Memorial Kompleksinin ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olublar.

Əcnəbi tələbələr kütləvi məzarlıqdan çəkdikləri şəkilləri sosial şəbəkələrdə #GraveyardofGenocide #SoykirimMezarligi kimi açar sözləri vasitəsilə yayımlayaraq, erməni vəhşilikləri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşıblar. Onlar burada gördüklərinin insanlığa qarşı qəddar cinayət olduğunu xüsusi vurğulayıblar.

Sonra tələbələr Quba rayonunun tarixi, mədəni, eləcə də turizm imkanları ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay