Bu gün Azərbaycanın Milli Qəhrəmanı, UNEC-in məzunu Şahlar Şükürovun doğum günüdür.
Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.Ş.Şükürovun məzarı bu gün düşmən tapdağı altındadır. Milli Qəhrəmanın ailə üzvləri və dostları onu yad etmək üçün UNEC-də ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edirlər.