UNEC Tələbə Elmi Cəmiyyəti seçkilərə start verib.
UNEC-in Zaqatala filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat seçki konfransı və yeni sədr seçkiləri keçirilib.
Bu məqsədlə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nərmin Heydərova Zaqatala filialında olublar.
Hesabat-seçki konfransında Zaqatala filialının İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova tələbələrin sosial fəaliyyətindən söz açıb. Filialda tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olması istiqamətində geniş imkanlar yaradıldığını vurğulayıb.
S.Qəndilova TEC-in həyata keçirdiyi uğurlu layihələrdən söz açıb. UNEC III Science Slam beynəlxalq elm müsabiqəsində Zaqatala filialının tələbəsinin də təmsil olunduğundan qürur duyduğunu bildirən S.Qəndilova filialın bütün tələbələrini bu istiqamətdə fəal olmağa dəvət edib. Bu kimi tədbirlərin tələbələrin bilik və bacarıqlarının aşkarlanması, elmi-tədqiqat, o cümlədən, təhlil etmək potensialının artırılması baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.
Sonra filialın TEC sədri Fərid Məmmədquliyevin bir illik hesabatı dinlənilərək, qənaətbəxş qəbul olunub.
Hesabat çıxışından sonra TEC seçkilərinə yeganə namizəd olan Fərid Məmmədquliyevin platforması dinlənilib. O, yekdillklə növbəti 1 il müddətində Zaqatala filialı TEC sədri seçilib.
Qeyd edək ki, UNEC-in digər 9 fakültə və DQƏTM üzrə TEC seçkilərinə start verilib. 31 mayda UNEC TEC hesabat-seçki konfransı baş tutacaqdır.