A

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys 2019 Müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə iştiraka 7 universitetdən - ADA Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, ADNSU, Moskva Dövlət Universiteti, AzMİU, DİA-nı təmsil edən 26 komanda qoşulsa da, onlardan final mərhələsinə UNEC daxil olmaqla yalnız 4 komanda qatılıb. Finalda UNEC 3 komanda ilə təmsil olunub.

Müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Biznes Məktəbinin keysləri təqdim edilir.

Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı, komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər.

Qaydalara uyğun olaraq, yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış ediblər.

Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunub və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanıb.

Gərgin və maraqlı keçən müsabiqədə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin təmsil olunduğu komandalar II, III və IV yerlərin sahibi olublar. II yerin sahibləri 3000 AZN, III yerin sahibləri isə 1000 AZN mükafat qazanıblar.

Qaliblərimizi təqdim edirik:

II yer - Arzu Tofiqli, Mirələm Əkbərli, Samir Məmmədov, Ayla Əliyeva

III yer - Rəşad Ağayev, Eltac Hüseynli, Elsun Rzayev, Ceyhun Fətəlov

IV yer - Cavad Əliyev, Nigar Vəliyeva, Anar Sultanzadə, Mətin Babayev.

Tələbələrimizi təbrik edirik, onlara yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay