A

UNEC-in İqtisadiyyat fakültəsində şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə “Şəhidlər ölmür” adlı silsilə tədbirlərə start verilib.

İqtisadiyyat fakültəsinin və fakültə mentorluq xidmətinin birgə təşkilatçılığı ilə Gənclər Günündə keçirilən tədbir Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevə həsr olunub. Tədbirdə fakültənin professor-müəllim heyəti ilə yanaşı, şəhid Mahir Mirzəyevin ailə üzvləri, yaxınları və dostları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dekan dos. Asiman Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyündən, müzəffər ordumuzun ərazilərimizi işğaldan azad edərək yazdığı qəhrəmanlıq salnaməsindən danışıb. Bu döyüşlərdə UNEC-in tələb və məzunlarının da qəhrəmanlıqla iştirak etdiyini, onların arasında şəhid və qazilərin olduğunu bildirib.

Tələbələrlə iş üzrə prorektor, dos. Səadət Qəndilova ölkədə hər zaman sağlam düşüncəli, savadlı və vətənpərvər nəslin yetişdirilməsinin ən vacib amillərdən olduğunu  vurğulayıb. Milli dəyərlərin yaşadılması, ölkənin uğurlu inkişafına töhfələrin verilməsi məqsədilə, bu istiqamətdə gənclərlə mütəmadi olaraq maarifləndirici işlərin hər zaman olduğu kimi, bundan sonra da davam etdiriləcəyini qeyd edib. UNEC-də şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər planının təsdiq edildiyini və onların təhsil aldıqları auditoriyalara həmin şəhidlərin adlarının veriləcəyini, şəhidlərimiz haqqında kitabın nəşr olunacağını, abidə kompleksinin ucaldılacağını bildirib.

Şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev Vətən uğrunda şəhid olan əsgərlərin milləti, torpağı öz canlarından yüksəkdə tutduqlarını bildirib. Oğlu Mahirlə qürur duyduğunu, Vətən uğrunda şəhid olanların hər birinin zəfər yolunun xalqımızın tarixinə şərəflə yazıldığını vurğulayıb.

UNEC-in məzunu Nail Nağızadə dostu Mahirlə bağlı xatirələrini bölüşərək, onun döyüş yolundan danışıb.

Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, professor Əli Əlirzayev, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümidvar Əliyev, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru Rasim Nəbiyev torpaqlarımız uğrunda aparılan haqq-ədalət savaşından və müzəffər ordumuzun qələbəsindən danışıblar.

Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının baş müəllimi Yalçın Köçərli isə şəhid Mahir Mirzəyevin qəhrəmanlığa gedən yolunun nəinki universitet illərindən, hələ daha gənc yaşlarından formalaşdığını diqqətə çatdırıb. Mahirin məsuliyyətli, çalışqan olmaqla yanaşı, eyni zamanda vətənpərvərliyi ilə hamının sevimlisinə çevrildiyini qeyd edib. Mahir Mirzəyevin 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollandığını, 2016-cı ildə, aprel döyüşlərində cəbhənin Tərtər rayonu istiqamətində qəhrəmanlıqla şəhid olduğunu deyib. UNEC ailəsinin Mahir kimi qəhrəmanlarla qürur duyduğunu bildirib.

Tədbirdə iştirak edən I Qarabağ müharibəsinin qazisi İmran Həsənov döyüş yolundan danışıb. Xalqımızın vətənin bütövlüyü, azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarına həmişə dəyər verdiyini, şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.

Fakültənin mentor xidmətinin rəhbəri, İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Vətən müharibəsi iştirakçılarının həyatından, keçdikləri döyüş yolundan bəhs edən tədbirlərin mütəmadi olaraq təşkil ediləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda şəhid Mahir Mirzəyevə həsr olunmuş VİDEOÇARX nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay