A

Azərbaycan Dövlət İqtisad Universitenin (UNEC) İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, dekan müavini Rahim Mürsəlov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rüfət Süleymanlı və fəal tələbələr Vətən müharibəsinin şəhidi Böyükağa Şahverdiyevin ailəsini və məzarını ziyarət ediblər.

UNEC kollektivi Biləsuvar rayonu 3 saylı Cəbrayıl qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarı önünə əklil qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Müəllim və tələbələr sonra şəhidin ailəsinə baş çəkiblər. Şəhidin anası ilə görüşən UNEC ailəsi Böyükağanın uşaqlıq və gənclik xatirələrini dinləyiblər. Anası Böyükağanın vətənini canı qədər sevdiyini və “Qarabağ, Cəbrayıl, Vətən bölünməz şəhidlər ölməz” şüarının onun həyat devizi olduğunu deyib. Həmin şüarın indi də şəhidin otağında yaradılan guşədə yer aldığını söyləyib.

Görüşdə İqtisadiyyat fakültəsinin dekanı, dosent  Asiman Quliyev Böyükağa Şahverdiyevin  diplomunu şəhidin anasına təqdim edib, onun UNEC-in əbədi məzunu olduğunu bildirərək, xatirəsinin daim əziz tutulacağını deyib.

UNEC THİK sədri Rüfət Süleymanlı universitetin Fəxri Fərmanını və tələbə Nəzrin Əliyevanın şəhidə özəl olaraq hazırladığı rəsm tablonu Böyükağanın ailəsinə təqdim edib.

Şahverdiyev Böyükağa

Şahverdiyev Böyükağa 15 iyun 1998-ci ildə Biləsuvar rayonda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Atasını uşaq vaxtı itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alan Böyükağa savadı, biliyi və bacarığı ilə öz yaşıdları arasında seçilib. Dəfələrlə nümunəvi addımlarına görə diplom və mükafatlara layiq görülüb.

2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra UNEC-in İqtisadiyyat fakültəsinə daxil olub. 2019-cu ildə məzun olaraq, hərbi xidmətə yollanıb. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbi vəzifəsi minaatan olan Böyükağa düşmənin çox sayda canlı qüvvəsini və texnikasını məhv edib. Uşaqlıqdan Qarabağ, Cəbrayıla olan sevgisinin həmin əraziləri dərindən öyrənib mənimsəməsində böyük rolu olub və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq edib. Böyükağa Şahverdiyev oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Cəbrayıl qəsəbəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunub.    

Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay