A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Vətən müharibəsində şəhid olan UNEC məzunlarının ailələrini ziyarəti davam etdirir.

İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rüfət Süleymanlı, Qiyabi və əlavə təhsil mərkəznin THİK sədri Günay Ağazadə şəhid Hüseyn Muradovun Keşlə Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkiblər. Anası Hüseynin mehriban, vətənpərvər, qayğıkeş və istiqanlı gənc olduğunu deyərək, onunla bağlı xatirələrini bölüşüb: “Məktəbdə əla qiymətlərlə oxuyurdu, tarix fənnini isə daha çox sevirdi. Əvvəl məktəb, sonra isə Bakı şəhəri üzrə fənn olimpiadasının qalibi oldu. Elə məktəbi bitirdiyi il universitetə qəbul oldu. Tez-tez deyirdi ki, bir gün gələcək hamınız mənimlə fəxr edəcəksiniz”.

Hüseynlə həmişə dost olduğunu deyən atası onunla həm ata, həm də dost  kimi çox yaxın olduğunu deyib. Şəhidin qardaşı isə Hüseynlə sonuncu dəfə danışığını xatırladı: “8 oktyabrda Hüseynlə telefonla danışdıq. Dedi ki, bu gün döyüşə çıxacayıq, gəl səni də görüm. Mən getdim, lakin postdan buraxmadılar. Bilsəydim bu onu son görüşüm olacaq, bir yol tapıb görüşünə gedərdim. Qardaşım elə həmin gün Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu... Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub”.

Fakültə dekanı Asiman Quliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetdə aparılan tədbirlərdən söz açıb. Onların əziz xatirəsinin daim əziz tutulacağını bildirib.

THİK sədri Rüfət Süleymanlı Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın həyat yolunun hər bir gənc üçün örnək olduğunu, adlarının xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Görüşün sonunda Qiyabi və əlavə təhsil mərkəzininTHİK sədri Günay Ağazadə şəhidimizin adına hazırlanan Fəxri Fərmanı şəhidin anasına təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay