A

15 iyun UNEC-in İqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsinin şəhidi Böyükağa Şahverdiyevin doğum günüdür, yaşasaydı 23 yaşı olacaqdı.

Böyükağa Şahverdiyevin doğum günü münasibətilə İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidin ailəsinə baş çəkilib. Şəhidin anası ilə görüşən UNEC ailəsi Böyükağanın uşaqlıq və gənclik xatirələrini dinləyiblər. Anası Böyükağanın vətənini canı qədər sevdiyini və “Qarabağ, Cəbrayıl, Vətən bölünməz, şəhidlər ölməz” şüarının onun həyat devizi olduğunu deyib. 2019-cu ildə məzun olaraq, hərbi xidmətə yollanan Böyükağa Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Böyükağa Şahverdiyev oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni onun valideynlərinə təqdim edib.

TOP XƏBƏRLƏR