A

UNEC-in Mühəndislik fakültəsinin kollektivi Vətən müharibəsində şəhid olan məzun Bəhruz Məmmədovun məzarını ziyarət edib.

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Mövlud Hüseynov şəhidin doğmaları ilə birlikdə Yevlax rayonunun Xaldan kəndində onun məzarı önünə UNEC ailəsi adından əklil və gül dəstələri düzərək, əziz xatirəsini yad ehtiramla ediblər.

Sonra UNEC kollektivi şəhidin dogma kəndində onun adına yaradılan xatirə bulağının açılışında iştirak edib.

Bəhruzun himayədarı və bibisi Rəhilə Məmmədova, əmisi Azər Məmmədovla görüşən UNEC kollektivi onun haqqında xatirələri dinləyiblər. Bibisi Bəhruzun kiçik yaşlarında valideynlərini itirdiyini və nənə-babasının, onlar vəfat etdikdən sonra isə onun himayəsində böyüdüyünü deyib. Kiçik yaşlarından dərslərə böyük həvəsi olan Bəhruzun məktəbdə əla qiymətlərlə oxuduğunu bildirən Rəhilə xanım, onun müvəffəqiyyətlərinə görə 2-ci sinifdən 4-cü sinifə keçdiyini, məktəb yaşlarında müxtəlif mükafat və təqaüdlərlə təltif olunduğunu xüsusilə vurğulayıb. Bəhruzun şeir yazmağa və rəssamlığa marağı olduğunu, müharibə ərəfəsində şeirlərinin və rəsmlərinin əksəriyyətini vətənpərvərlik mövzusuna həsr etdiyini bildirib.

Dosent Elçin Səmədov 30 ildən artıq işğal altında olan torpaqlarımızın 44 günlük Vətən Müharibəsində azad edilməsinin, qazanılan böyük qələbənin Bəhruz kimi şəhidlərimizin qanı, əsgər və zabitlərimizin şücaəti, Ali Baş Komandanımız İlham Əliyevin ordu quruculuğunda yürütdüyü ardıcıl siyasətin nəticəsi olduğunu vurğulayıb. Şəhidin universitetdə oxuduğu müddətdə həmişə tərbiyəsi, mədəniyyəti, çalışqanlığı ilə həmyaşıdları içində seçildiyini bildirən Elçin Səmədov, Bəhruzun ixtisasına böyük marağının olduğunu bildirib. O, bir neçə dil bilən və yaxşı qiymətlərlə oxuyan Bəhruzun, auditoriyalarında həmişə ön sıralarda oturduğunu, müəllimləri dinlədiyiniı nəzərə çatdırıb.

Sonra Rəhilə xanıma xatirə olaraq UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı təqdim olunub.

Məmmədov Bəhruz Tahir oğlu 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Orta təhsilini Xaldan kənd kompleks tam orta məktəbində alan Bəhruz, yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən birbaşa 4-cü sinfə keçib. Respublika üzrə gənc rəssamların müsabiqəsində 1-ci yerə layiq görülüb, fənn üzrə olimpiadalarda iştirak edib. Məktəb yaşlarında şeir yazmağa həvəsi olan Bəhruz təhsilindəki müvəffəqiyyətlərinə və ictimai fəaliyyətinə görə Şöyübov Zahid adına təqaüdə layiq görülüb. B.Məmmədov haqqında  “Kür” qəzetində məqalə də dərc olunub.

2009-cu ildə Xaldan kənd kompleks tam orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra,  571 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olub. 2013-cü ildə bakalavriat təhsilini bitirdikdən sonra təhsilini magistraturada davam etdirib. Bir neçə xarici dil və kompüter proqramlarını bilən Bəhruz, həm də bacarıqlı rəssam idi.

Əmək fəaliyyəti ingilis dili kursları ilə bağlıdır. İngilis, alman, rus və polyak dillərində danışırdı. Poliqlot olmaqla yanaşı, informasiya texnologiyaları sahəsini də mükəmməl bilirdi.

2013-2014-cü illər ərzində həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” məktubu ilə təltif edilib.

Bəhruz Məmmədov 2020-ci ilin sentyabrın 28-də Yevlax rayon hərbi komissarlıqdan qismən səfərbərliklə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə ölümündən sonra təltif edilib.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR