Sentyabrın 21 -də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in tələbəsi İsax Verdiyevin ad günü idi, yaşasaydı 24 yaşı olacaqdı.
Verdiyev İsaxın doğum günü münasibətilə Sumqayıtın Şəhidlər Xiyabanında şəhidin məzarı önündə anım mərasimi keçirilib.Tədbirdə ailə üzvləri ilə yanaşı, Rus İqtisad Məktəbinin dekanı dosent Mənsur Bərxudarov, dekan müavini Anar Kürdoğlu, THİK-nin sədri Rüfət Süleymanlı, Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva, müəllim və tələbələr iştirak ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Rus İqtisad Məktəbinin dekanı Mənsur Bərxudarov, İsax Verdiyevin diplomunu onun ailəsinə təqdim edib. O, İsax kimi igid oğulların, cəsur əsgərlərimizin, qazilərimizin qanı, canı bahasına qazanılan qələbəmizin 30 illik Vətən həsrətinə son qoyduğunu deyərək, xalqımızın bu cür oğullarımızla fəxr etdiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Şəhid ailəsinin hər bir üzvünün UNEC ailəsi üçün dəyərli olduğunu diqqətə çatdırıb.
Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib.
THİK sədri Rüfət Süleymanlı Şəhidin adına hazırlanmış hədiyyəni onun güşəsində yerləşdirməsi üçün ailəsinə təqdim edib.
İsax Verdiyev haqqında
İsax Verdiyev 21 sentyabr 1997-ci ildə Rusiyanın Kalininqrad şəhərində anadan olub. 8 saylı məktəbdə ibtidai təhsilini alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Azərbaycana, ata yurdu Tərtərə, 2008-ci ildə isə Sumqayıta köçüblər. Orta təhsilini Sumqayıtdakı 3 nömrəli orta məktəbdə davam etdirib.
2015-ci ildə UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” ixtisasına qəbul olub. 2018-ci ildə təhsilini dondurub.
2020-ci ildə iyulun 20-də Tərtər rayonunun hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda döyüş bölgəsinə göndərilib. Oktyabrın 6-da Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Sumqayıt şəhərinin Fəxri xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Ailəli idi, 2 yaşlı oğlu var.
Cənnətdəki ilk doğum günün mübarək, şəhidim!