A

Yunanıstanın Qərbi Makedoniya Universitetinin (QMU) UNEC-lə ortaq diplom proqramının məzunları və QMU-nun akademik heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC ilə Qərbi Makedoniya Universitetinin magistratura üzrə ortaq diplom proqramından məzun olmuş magistlər və professor-müəllim heyətindən ibarət 35 nəfərlik nümayəndə heyəti rektor, professor Ədalət Muradovla görüşüb.

Görüş zamanı prof. Ədalət Muradov qonaqlara UNEC-in fəaliyyəti, əldə olunan nailiyyətlər, eləcə də gələcək hədəflər barədə məlumat verib. Yunanıstanlı nümayəndələr görüşdə öz təəssüratlarını bölüşüblər.

Sonra yunanıstanlı qonaqlar üçün UNEC-in I və III saylı tədris binalarında infotur təşkil olunub. Onlar Karyera mərkəzi, İmtahan mərkəzi, 24/7 kitabxana, Bloomberg Maliyyə laboratoriyası, Etern mərkəzi, mühəndislik və texnoloji laboratoriyalarla tanış olublar.

Xatırladaq ki, bu il UNEC-in Qərbi Makedoniya Universiteti ilə birgə magistr proqramından 67 nəfər məzun olub. Noyabr ayında Yunanıstanda keçirilən təntənəli Məzun Günündə UNEC rektoru Ədalət Muradov da iştirak edib.

TOP XƏBƏRLƏR