A

Kembric Universitetinin professoru, Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama Struktur Biologiyası qrupunun rəhbəri, Əməkdar elm xadimi Qərib Mürşüdov UNEC-in rektoru professor Ədalət Muradov və universitetin bir qrup gənc tədqiqatçısı ilə görüşüb.

Görüşdə çıxış edən rektor, professor Ədalət Muradov qonağı salamlayaraq bildirib ki, elmi tədqiqatların təşkili, səmərəliliyinin yüksəldilməsi və tətbiqi araşdırmaların təşviqi ilə bağlı keçirilən bu kimi görüşlər gənc alimlərin elmi baxışlarının genişlənməsində mühüm rol oynayır. Rektor vurğulayıb ki, professor Qərib Mürşüdov Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan və ölkəmizin fəxri sayılan alimlərdəndir.

Professor Qərib Mürşüdov “Zülalların üç ölçülü quruluşu” adlı təqdimatında struktur biologiya, Bayes teoremi və zülalların öyrənilməsi mərhələləri barədə geniş məlumat verib. Alim süni zəkanın zülal quruluşlarının təhlilində tətbiqi, bu sahədə mövcud vəziyyət və gələcək perspektivlər barədə fikirlərini bölüşüb. O, UNEC-də gənclərə göstərilən diqqət və yaradılan imkanların əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşün sonunda gənc tədqiqatçıların sualları cavablandırılıb və aktual elmi problemlər ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay