Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 27–30 noyabr tarixlərində Çin Xalq Respublikasının Honq Konq şəhərində, Honq Konq Politexnik Universitetinin təşkilatçılığı ilə keçirilən nüfuzlu “Kəmər və Yol” Beynəlxalq Moda Nümayişində ölkəmizi uğurla təmsil edib.
Mədəniyyətlərarası dialoqun, kreativ əməkdaşlığın və dizayn sahəsində beynəlxalq inteqrasiyanın təşviqini hədəfləyən moda nümayişində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) uğurla təmsil olunaraq ölkəmizin zəngin mədəni irsini beynəlxalq auditoriyaya təqdim edib.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə müraciətin daxil olduğu, lakin yalnız 30 ölkə komandasının ciddi seçim mərhələlərini keçərək final mərhələsinə və podiumda çıxış hüququna layiq görüldüyü bu mötəbər tədbirdə UNEC Dizayn Məktəbinin müəllimləri Lalə Qafarova və Günay Kərimova tərəfindən hazırlanan və təqdim edilən kolleksiya estetik təqdimatı, yüksək peşəkarlıq və orijinal dizayn həlləri ilə beynəlxalq auditoriyanın xüsusi diqqətini cəlb edib. Tədbir çərçivəsində Azərbaycan mədəniyyəti ənənəvi milli geyim elementləri və Azərbaycan–Çin mədəni sintezini əks etdirən müasir dizayn nümunələri vasitəsilə təqdim olunub. Hər iki model yüksək texniki icrası, bədii dəyəri və kreativ yanaşması ilə beynəlxalq ekspertlər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Layihə UNEC Beynəlxalq əməkdaşlıq departamenti Strateji inkişaf şöbəsi və UNEC Dizayn Məktəbi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri UNEC Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev, layihənin yaradıcı heyətində isə UNEC Dizayn Məktəbinin müəllimləri Lalə Qafarova və Günay Kərimova yer alıb. UNEC komandasının sənətkar heyəti beynəlxalq münsiflər və mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Tədbir çərçivəsində seminarlar, təqdimatlar və panel müzakirələri təşkil olunub, milli geyimlərin müasir interpretasiyası, innovativ dizayn yanaşmaları və qlobal moda tendensiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb. UNEC-in bu nüfuzlu beynəlxalq platformada iştirakı universitetin yaradıcı sənayelər sahəsində beynəlxalq nüfuzunun artmasına, Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılmasına və ölkəmizin mədəni diplomatiyasının gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilir.