UNEC-də qlobal maliyyə və mühasibatlıq sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan ACCA-nın (Association of Chartered Certified Accountants) nümayəndələri ilə görüş keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov, ACCA-nın Avrasiya və Orta Doğu üzrə yeni təyin olunmuş Təhsil koordinatoru Tariro Masukume və regional menecer Senem Ross-Forrester arasında keçirilən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün əsas mövzusu UNEC tələbələrinin təhsil müddətində universitet diplomu ilə yanaşı, ACCA diplomunu əldə etmələrinə imkan yaradılması olub. Tərəflər bu istiqamətdə atılacaq növbəti addımlar barədə razılığa gəliblər. Bildirilib ki, əməkdaşlıq UNEC məzunlarının beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artıracaq və onların qlobal karyera imkanlarını genişləndirəcək.
Müzakirələr zamanı UNEC-in bir sıra ixtisaslarının artıq ACCA tərəfindən akkreditasiya olunduğu vurğulanıb. Eyni zamanda, UNEC-də ACCA İmtahan Mərkəzinin fəaliyyət göstərildiyi diqqətə çatdırılıb.