Almaniyada fəaliyyət göstərən AQAL Group-un təsisçiləri Dr. Mariana Bozesan və Tom Schulz UNEC-də olublar.
UNEC rektoru, professor Ədalət Muradov və universitetin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yeni texnologiyaların, xüsusilə süni intellektin təhsil, iqtisadiyyat və cəmiyyət həyatında tətbiqi məsələləri müzakirə olunub.
Qonaqlar süni intellekt və digər sürətlə inkişaf edən texnologiyaların qlobal dəyişikliklərə səbəb olduğunu bildirərək, bu proseslərin yalnız texnoloji deyil, həm də sosial və mədəni transformasiyalar yaratdığını vurğulayıblar. Bildirilib ki, texnologiyanın inkişafı ilə yanaşı, insan amilinin, etik dəyərlərin və mənəvi prinsiplərin qorunması da mühüm əhəmiyyət kəsb edir.
Görüşdə təhsilin gələcəyi, süni intellektin tədris prosesində rolu və universitetlərin yeni texnologiyalar dövrünə uyğunlaşması məsələlərinə də toxunulub. Qeyd olunub ki, süni intellekt müəllimləri əvəz etməkdən daha çox, təhsil prosesini dəstəkləyən və fərdiləşdirilmiş öyrənmə imkanları yaradan bir vasitə kimi istifadə olunmalıdır.
Müzakirələr zamanı texnologiya sahəsində qlobal əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, gələcəyin çağırışlarına cavab vermək üçün ölkələr, universitetlər və texnologiya mütəxəssisləri arasında daha sıx əməkdaşlıq və bilik mübadiləsi zəruridir.
Qonaqlar həmçinin innovasiya, startap ekosistemi və texnologiya sahibkarlığının inkişafının ölkələrin gələcək iqtisadi dayanıqlığında mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə universitetlərin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.