A

Bu gün UNEC–də qış imtahan sessiyasının növbəti “Açıq Qapı” günü İctimai Nəzarət Şurasının üzvləri tərəfindən keçirilib.

Qəbul zamanı tələbələr, valideynlər və sıravi vətəndaşlar sərbəst şəkildə imtahan sessiyası və ya UNEC-in fəaliyyətinə dair istənilən məsələ ilə bağlı müraciət və problemlərini səsləndiriblər. Tələbə, valideyn və vətəndaş müraciətlərini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib. Hər bir media orqanı və ictimaiyyət nümayəndəsi, valideyn və sıravi vətəndaş üçün keçirilən “Açıq Qapı” günü müraciətlər dinlənilir və cavablandırılır.

İmtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın daha da effektiv təmin olunması məqsədilə fəaliyyət göstərən UNEC İctimai Nəzarət Şurasının üzvlərindən qəbulda əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov iştirak ediblər.

İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı tələbə və vətəndaşların müraciətlərini dinlədikdən sonra onların həlli və araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Daxil olan müraciətlər barədə rektora məlumat verilərək bildirilib ki, müraciətlər qaib limitinin aşılması, elmi vəzifənin alınması, xarici ölkədə pedaqoji fəaliyyətə başlamaq, təcrübə müəssisəsinin dəyişdirilməsi və imtahan nəticələri ilə bağlı olmuşdur. Görüşdə bəzi müraciətlər yerində həll edilib, digərlərinin əlavə araşdırılması məqsədi ilə müvafiq göstəriş verilib.

Görüş çərçivəsində “Açıq Qapı” günü ilə bağlı fikirlərini bildirən İctimai Nəzarət Şurasının üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının azaldığını vurğulayaraq, bu halın UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər. Qeyd edilib ki, sessiya və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb.

Qeyd edək ki, hər həftənin şənbə günü keçirilən “Açıq Qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay