A

Ölkə başçısının təsdiqlədiyi Dövlət Proqramlarında gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutması prioritet istiqamətlərdən biri kimi müəyyən olunur.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə dövlət siyasətinə dəstək məqsədilə uğurlu layihələr həyata keçirilir, gənclərin işə qəbulu ilə bağlı məqsədyönlü addımlar atılır.

UNEC-də işə qəbul edilən gənc müəllimlərin ənənəvi andiçmə mərasimi keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə və universitetin qocaman professorları da iştirak edib.

Rektor Ədalət Muradov gənc müəllimlərin innovativ və kreativlik baxımından bir addım öndə olduqlarına diqqət çəkərək, onları universitetin hədəflərini təmin edə biləcək aparıcı qüvvəsi adlandırıb. Universitetlərin əsas missiyasının müasir bilikli insan kapitalı yetişdirmək və cəmiyyətə xidmət etmək olduğunu vurğulayan rektor, UNEC-də təhsilin keyfiyyətini artırmaqla, elmi tədqiqatların həcmini dərinləşdirməklə və müasir müəllim-tələbə mühiti formalaşdırmaqla dünya universiteti meyarlarına uyğun ali təhsil müəssisəsi qurmağı hədəflədiyini bildirib.

Gənc müəllimlərin andiçmə mərasiminin ikinci dəfə keçirildiyini vurğulayan Ə.Muradov son 5 ildə UNEC-də 450-dən çox gəncin işə qəbul olunduğunu qeyd edib. Rektor UNEC-in Gənc Müəllimlər Şurasının fəaliyyətdən və “Gənc Professorlar” layihəsindən də söz açıb. Sonda gənc müəllimlərə fəaliyyətlərində uğurlar arzulayan Ə.Muradov, onlara qocaman professorların təcrübələrindən yararlanmağı tövsiyə edib.

UNEC-i ölkənin elitar universiteti adlandıran akademik Vaqif Abbasov, gənclərə müəllimlik missiyasının əhəmiyyətindən danışıb. Bütün dövrlərdə müəllimə yüksək dəyər verildiyini qeyd edən akademik, müəllimlik nüfuzunun yüksəlməsinə təsir edən amilləri açıqlayıb. “Təhsil, elm və texnologiya olan yerdə həyat var” deyə bildirən alim, ölkənin inkişafında müəllim əməyinin böyük rol oynadığını bildirərək, gənc müəllimlərə tövsiyələrini verib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə son illər UNEC-də tətbiq olunan yenilikləri qürurla izlədiyini bildirərək, ölkədə ilk dəfə olaraq bu ali təhsil müəssisəsində müəllimlərin işə başlayarkən andiçməsini yüksək qiymətləndirib. UNEC-də iqtisadyönümlü ixtisaslar üzrə müəllim hazırlamaq üçün yüksək elmi potensialın olduğunu qeyd edən professor, gənc müəllimləri savadlı və Azərbaycanı layiqincə təmsil etməyi bacaran tələbələr yetişdirməyə çağırıb.

“Azərbaycan dili” kafedrasının məsləhətçi-professoru Maarifə Hacıyeva gənclərə göstərilən dövlət dəstəyindən danışıb. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimə hörmət və ehtiramla yanaşdığını, onların maddi rifah halının qayğısına qaldığını bildirib. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Mərasimdə akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətin mənafeyini düşünmək, ekologiyaya həssaslıq kimi yüksək mənəvi keyfiyyətləri özündə ehtiva edən “UNEC-in dəyərlər”i səsləndirilib.

Sonra gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq, təntənəli surətdə and içib, andiçmənin yazılı mətnini imzalayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay