20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü münasibətilə UNEC-in Zaqatala filialında tədbir keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar hadisəsindən artıq 32 il ötdüyünü qeyd edən filialın direktoru professor Orucəli Rzayev bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Sonra filialın direktor müavini dosent Həqiqət Qədimova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev, kafedranın baş müəllimi Qüdrət Qırtımov qeyd ediblər ki, 20 Yanvar tariximizdə təkcə faciə kimi deyil, həm də mübarizlik, qəhrəmanlıq günüdür. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirin sonunda 20 Yanvar hadisəsinə həsr edilmiş videoçarx nümayiş olunub.