A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestri üzrə tədrisin təşkili haqqında hesabatlar dinlənilib.

İmtahan sessiyasının yekunları barədə çıxış edən UNEC İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev imtahanlarda 12197 nəfər bakalavr, 3070 magistr olmaqla, ümumilikdə 15267 tələbənin iştirak etdiyini bildirib. Hesabatda fakültələr üzrə ən yüksək keyfiyyət göstəricisinin Beynəlxalq İqtisadiyyat Məktəbində, ən yüksək müvəffəqiyyət göstəricisinin isə SABAH Mərkəzində olduğu vurğulanıb. İmtahan nəticəsi ilə bağlı apelyasiya müraciətlərinin, eləcə də rektorun və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı” günlərinə olunan müraciətlərin sayının ötən illərlə müqayisədə az olduğu diqqətə çatdırılıb.

Sonra UNEC-in tədris işləri üzrə prorektoru dosent Gəray Musayev yaz semestri üzrə tədrisin təşkili haqqında təqdimatla çıxış edib. Bildirilib ki, fevralın 16-da başlayacaq yaz semestrində bakalavrların tədrisi hibrid formada (həftədə 2 gün onlayn, 3 gün oflayn), magistrların isə ənənəvi qaydada təşkil olunacaq. Fakültələr üzrə dərs cədvəlləri hazırlanaraq tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Qeyd olunub ki, bakalavriat səviyyəsi üzrə imtahanlar test üsulu, magistraturada isə yazılı qaydada təşkil olunacaq. İmtahanlar akademik təqvimdə göstərilən tarixlərdə ara və yekun imtahanları formasında keçiriləcək.

Hesabatda təcrübənin təşkili barədə də məlumat verilib. Bildirilib ki, ümumilikdə 4159 bakalavr və magistrantın təcrübədə iştirak etməsi nəzərdə tutulub. Sonuncu kurs bakalavr tələbələri 16.02-24.05 tarixlərində istehsalat, magistrlər isə 16.02-15.03 tarixlərində elmi pedaqoji, 16.03.2022-12.04.2022 tarixlərində isə elmi tədqiqat təcrübəsində olacaqlar.

Hesabatlar dinlənildikdən sonra şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib.

Şurada professor Ədalət Muradov, professor Yadulla Həsənli və dosent Nazim Hacıyevin müəllifi olduqları “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma ("World Market Price of Oil: Impacting Factors and Forecasting”)” adlı monoqrafiyanın dövlət mükafatına təqdim olunması təklif olunub. Təklif səsə qoyularaq təsdiqlənib.

Sonra UNEC Ömürboyu Təhsil Mərkəzinin, UNEC Bloomberg Maliyyə Laboratoriyasının, UNEC Səhiyyə İqtisadiyyatı Mərkəzinin, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin, Laboratoriyaların işinin təşkili mərkəzinin, “UNEC Future Club”ın, “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”  kafedrasının nəzdindəki Tədris  laboratoriyasının əsasnamələri, eləcə də UNEC-in Dərbənd filialına tələbə qəbulu qaydaları və filialın əsasnaməsi şurada müzakirəyə çıxarılaraq təsdiqlənib. Həmçinin Şurada doktorantura üzrə yeni ixtisasların açılması barədə qərar qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay