UNEC-də “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə kafedranın dosentləri Elşən Məmmədov, Fərhad Eminov, Adik Məmmədov və İlqar Xəlilovun ixtisas redaktorları olduqları “Həyat dövrünün qiymətləndirilməsi: Nəzəriyyə və təcrübə” adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində kafedranın professor-müəllim heyəti, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov müasir dövrdə davamlı inkişaf, resurslardan səmərəli istifadə və ətraf mühitin qorunmasının vacibliyindən danışıb. O, Həyat Dövrünün Qiymətləndirilməsi (LCA) yanaşmasının məhsulun bütün mərhələlərində ətraf mühitə təsirlərin kompleks təhlilinə imkan yaratdığını və nəşrin bu baxımdan böyük elmi-praktiki əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra kitabın ixtisas redaktorları dosent Fərhad Eminov və dosent İlqar Xəlilov çıxış edərək nəşrin məqsədi və strukturu barədə ətraflı məlumat veriblər. Bildirilib ki, kitabda məhsul, xidmət və proseslərin “beşikdən məzara” qədər olan bütün mərhələləri üzrə ekoloji təsirlərin müəyyən edilməsi və idarə olunması məsələləri geniş şəkildə izah olunur. Çıxışlarda nəşrin xüsusilə ekologiya, iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan tələbələr, tədqiqatçılar və real sektorda fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli mənbə rolunu oynayacağı qeyd edilib.
Çıxışlarda vurğulanıb ki, sözügedən nəşr xüsusilə ekologiya, ətraf mühitin mühafizəsi, iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan bakalavr və magistr tələbələri, bu istiqamətdə tədqiqat aparanlar, həmçinin real sektorda fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli mənbə rolunu oynayacaqdır.
Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanasının müdiri Rəsmiyyə Rzayeva bu kimi elmi və aktual məzmunlu nəşrlərin kitabxana fonduna daxil edilməsinin tələbələrin, tədqiqatçıların informasiya təminatının gücləndirilməsinə və universitetdə elmi mühitin inkişafına töhfə verdiyini bildirib.
Təqdimat mərasimi iştirakçıların kitabla yaxından tanış olması və mövzu ətrafında fikir mübadiləsi aparması ilə yekunlaşıb.