Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin tələbələrinin ifasında müxtəlif mahnılar səsləndirilib. UNEC-in Nigar Vəliyeva (“Biznes və menecment fakültəsi”) və Rəvan Mehdizadə (“İqtisadiyyat fakültəsi”)- “Şuşanın Dağları”; Rəhimə Məmmədova (“Maliyyə və Mühasibat fakültəsi”) və Nigar Qasımova (“UNEC Magistratura Mərkəzi”)– “Luna Tu”; Nigar Vəliyeva (“Biznes və menecment fakultəsi”) və Mələk Abdulova (“Rus İqtisad Məktəbi”) – “Leviating” mahnılarını səsləndiriblər.
Tədbirin yekun hissəsi UNEC Yaradıcılıq Mərkəzinin Rəqs Ansambılının “Qarabağ Azərbaycandır” rəqsi ilə sonlandırılıb.