A

23 - 26 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Baku Marriott Hotel Boulevard-da IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2022) baş tutacaq. 

Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir meylləri üzrə fikir mübadiləsinin aparılmsı və təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və yeni beynəlxalq elmi platformanın yaradılması ilə bağlıdır. 2019–cu ildən etibarən hər il təşkil olunan və ənənəvi xarakter alan bu konfrans İqtisadiyyat və idarəetmə sahəsində aktual elmi-praktiki problemlərin müzakirəsinə istiqamətlənir.

Elmi-akademik imkanlarını genişləndirərək tədqiqatçılar üçün SCOPUS, SPRINGER kimi nüfuzlu platformalarda nəşr imkanları təqdim edən konfransda, həmçinin ölkəmizin işğaldan azad olunmuş bölgələrinin iqtisadiyyatı (3 kitab) və yaşıl iqtisadiyyat (1 kitab) ilə bağlı kitablar konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaq. 

31 May 2022–ci il tarixindən etibarən IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi konfransına tədqiqat işlərinin qəbulu başa çatmışdır. Konfransımıza diqqət göstərən bütün tədqiqatçılara öz təşəkkürümüzü bildiririk.

Bu ilki konfransa dünyanın 30–a yaxın ölkəsindən 600–dən çox tədqiqatçı öz tədqiqat işləri ilə müraciət etmişdir. Konfransa tədqiqat işlərini göndərən tədqiqatçılar arasında ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail və s. kimi ölkələrin universitetlərindən olan tədqiqatçılar da yer almışdır. Qeyd edək ki, tədqiqat işlərinin Konfransın Elm Komitəsi tərəfindən dəyərləndirmə prosesi davam edir və 07.06.2022-ci il tarixinə qədər tədqiqat işlərinə müvafiq cavablandırmalar həyata keçirilərək qəbul olunmuş işlərin müəlliflərinə rəsmi qəbul məktubları göndəriləcək.

Qeyd edək ki, konfrans günlərində iqtisad elminin dünyadakı nüfuzlu nümayəndələrinin iştirakı ilə plenar çıxışlar, aktual mövzularda yerli və xarici mütəxəssislərin iştirakı ilə "workshop"lar, tədqiqatçılar üçün akademik təlimlər və iş dünyasını da yaxından maraqlandıran görüşlər təşkil olunacaq. Əlavə olaraq, konfransın ilk gününün ikinci yarısından etibarən UNEC Nizami Gəncəvi adına Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat tədqiqat mərkəzi ilə birlikdə “Green day” təşkil olunacaq.

Konfransla bağlı digər məlumatlarla konfransın rəsmi web səhifəsinə daxil olaraq tanış ola bilərsiniz: https://conferences.az/az

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay