A

AzEdu.az

AzEdu.az UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, dosent Fariz Əhmədovla müsahibəni təqdim edir:

Fariz müəllim əvvəlcə rəhbəri olduğu Mərkəzin bu gün magistrlərə qazandırdığı imkanlardan danışmaqla söhbətə başlayır:

-UNEC-də son illər aparılan islahatların bir parçası olaraq, 2016-cı ildən fəaliyyətə başlayan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) ölkədə magistr təhsilinin keyfiyyətinin yüksəldilməsinə dəstək məqsədi ilə yaradılıb. Mərkəz öz fəaliyyətini yeni təhsil standartlarına uyğun təşkil edir. Hazırda mərkəzdə 11 ixtisas və 39 ixtisaslaşma üzrə 1200-dən çox magistr Azərbaycan, ingilis, türk və rus dillərində təhsil alır.

Cəmi 3 il bundan öncə fəaliyyətə başlayan Mərkəzin uğurlarından biri də burada  İqtisadiyyat və idarəetmə ixtisasları üzrə tam yeni standartların tətbiqidir. Odur ki, Fariz Əhmədova aşağıdakı sualla müraciət edirik:

-İqtisadiyyat və idarəetmə ixtisasları üzrə tətbiq edilən yeni standartlar nə ilə fərqlənir?

-Azərbaycan İqtisadiyyatının Strateji Yol Xəritəsində yer tutan mühüm məsələlərdən biri kadr potensialının yaxşılaşdırılması və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasıdır. Məhz bu istiqamətdə ali təhsilin magistratura pilləsi mühüm rola sahibdir. Buna görə də, ölkəmizdə magistratura pilləsində təhsilin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə 2016-cı ilin sentyabr ayında Təhsil nazirinin əmri ilə iqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsilin magistratura pilləsində yeni təhsil standartları qüvvəyə minib. Yeni standartlarla tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırılaraq 2 semestrə endirilib və tədqiqat prosesinə daha çox yer ayrılıb. Yeni standartlarda magistr dissertasiyasına ayrılan kreditlər və dissertasiyanın hazırlanması üçün müddət daha da artırılıb. Tədqiqat prosesinin gedişatının operativ qaydada magistrant-elmi rəhbər arasında effektiv təşkil olunması üçün “Tədqiqatlar, kommunikasiya və innovasiya” və “Tədqiqat işinin aparılması” fənləri əlavə olunub. Bu dərslərin əsas cəhəti ondan ibarətdir ki, daimi olaraq magistrant elmi rəhbəri ilə əlaqədə olaraq tədqiqatın gedişatı barəsində ona hesabatlar təqdim edir. Müvafiq hesabatları təqdim etməyən magistrant fənn üzrə qeyri-müvəffəq hesab olunur. Bundan əlavə bütün ixtisaslar üzrə məcburi olaraq “Tədqiqat Metodları” fənni standartlara əlavə olunub. Bu fənnin əlavə olunmasında əsas məqsəd magistrantlara yeni tədqiqat və analiz metodları haqqında məlumat verərək onları tədqiqat prosesinə hazırlamaqdır. Eyni zamanda, yeni standartlara əsasən, tədris keyfiyyətinin artırılması məqsədi ilə təhsilini dünyanın nüfuzlu ali təhsil müəssisələrində başa vuran və ölkənin öndə gedən qurumlarında çalışan, akademik fəaliyyət bacarıqlarına və  minimum magistr dərəcəsinə sahib mütəxəssislərin də tədris  prosesinə cəlb olunmasına şərait yaradılıb.

Bir faktı diqqətə çatdıraq: Son iki ildə magistraturaya qəbul üzrə ən yüksək bal toplayanlar məhz  UNEC-i seçir. Görəsən,bu seçimlərə təsir edən əsas meyarlar hansılardı? Cavabı Fariz müəllimin özündən eşidək:

-Mərkəzdə tədrisin beynəlxalq standartlara uyğun təşkil edilməsi, dünyanın nüfuzlu ali təhsil müəssisələrinin məzunu olan gənc müəllimlərin tədris və tədqiqat prosesində iştirakı, özəl və dövlət sektorun nüfuzlu qurumlarından təcrübəli mütəxəssislərin mərkəzdə dərs deməsi, müxtəlif qurumlarla təcrübə və karyera imkanlarının olması, eyni zamanda xarici ölkələrin ali təhsil müəssisələri ilə mübadilə və ikili diplom proqramlarında iştirak imkanları mərkəzin cəlbediciliyini artıran əsas amillərdəndir. Bundan əlavə, mərkəzdə səmimi müəllim-tələbə münasibəti, şəffaf, ədalətli və  keyfiyyətli təhsil prosesi yaradılıb. 2017/2018-ci tədris ilinin qəbul nəticələrinə görə magistratura pilləsi üzrə qəbul imtahanında respublika üzrə ilk üç yeri tutmuş bakalavr məhz UNEC-i seçib. 2018/2019-cu tədris ilin qəbul nəticələrinə əsasən isə respublika birincisi və respublika üzrə iqtisadiyyat proqramı üzrə ən yüksək bal toplamış 20 bakalavr mərkəzimizi seçib. Ümumilikdə, ötən tədris ilində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistratura pilləsi üzrə qəbul olmuş namizədlərdən hər iki nəfərdən biri BMDM magistrantı olub.

-Magistrlərin elmi tədqiqatlar aparması istiqamətində hansı yeniliklər tətbiq olunur?

-Bütün dünyada magistratura təhsili akademik elmi dərəcə verən bir təhsil səviyyəsi hesab olunur. Çünki bu təhsil pilləsini başa vuran hər bir şəxs potensial olaraq ali təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olmağa və tədqiqatçı kimi təhsilini növbəti təhsil pillələrində davam etdirmək haqqı qazanır. Bu təhsil pilləsində əsas yeri tədrisin keyfiyyəti ilə yanaşı, daha çox magistrin yerinə yetirdiyi tədqiqatın keyfiyyəti tutur. Magistr təhsili alan hər bir şəxs yalnız iş dünyasının deyil, eyni zamanda akademik dünyanın da ayrılmaz parçası olur. Məhz bu səbəblərdən mərkəzdə tədqiqat işlərinin keyfiyyətinə xüsusi önəm ayrılır. Magistrlar tədqiqat mövzusunu seçməkdə tamamilə sərbəstdirlər. Onlara universitetin ixtisas kafedralarından aktual və Azərbaycan iqtisadiyyatına töhfələr verə biləcək mövzularla yanaşı, müxtəlif dövlət və özəl sektor qurumlarından sifarişli tədqiqat işləri tədqiqat aparılması üçün təqdim olunur.

Tədqiqat işlərində müasir və innovativ tədqiqat metodlarından istifadə olunması ən əsas şərtlərdən biridir. Mərkəzdə tədqiqat prosesinin effektiv idarə olunması və magistrantlar üçün imkanların artırılması məqsədi ilə müxtəlif tədqiqat mərkəzləri yaradılıb. Məqsədimiz Azərbaycanın iqtisadiyyat və idarəetmə sahələrində elmi tədqiqatlar mərkəzinə çevrilməkdir. Heç təsadüfi deyil ki, artıq bu istiqamətdə uğurlar əldə olunmaqdadır. Təkcə cari tədris ilində 4 magistrantımızın elmi məqaləsi dünyanın nüfuzlu “Web of Science” elmi platformasına daxil olub. Eyni zamanda qeyd etmək istərdim ki, universitet tərəfindən yaradılan imkanlarla magistrantlarımız dünyanın nüfuzlu ali təhsil müəssisələrində tədqiqat aparmaq və həmin universitetlərin professor-müəllim heyətindən məsləhətçi elmi rəhbər seçmək imkanlarına malikdirlər. Magistrantlarımıza tədqiqat prosesində universitetin professor və müəllim heyəti ilə yanaşı, doktorantura təhsilini Avropanın və dünyanın müxtəlif ölkələrində başa vurmuş gənc alimlər elmi rəhbərlik edir.

-UNEC-in təşkilatçılığı ilə “İqtisadiyyat və İdarəetmə” ixtisasları üzrə təhsil alan magistrlərin I beynəlxalq elmi konfransı keçirildi. Həmin konfransdan hansı nəticələr əldə olundu?

-Tədqiqat yönümlü magistr təhsilinin inkişaf etdirilməsi istiqamətində görüləcək ən əsas işlərdən biri də ölkəmizdə beynəlxalq nüfuzlu, beynəlxalq standartlara cavab verən və dünya tərəfindən qəbul olunan ixtisaslaşmış elmi konfrans və jurnalların yaradılmasıdır. Məhz bu məqsədlə BMDM-nin təşkilatçılığı və Ömür Boyu Təhsil və Liderlik Beynəlxalq Konfransının (ICLEL) dəstəyi ilə iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdə təhsil alan gəncləri bir araya gətirərək multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, magistr tədqiqatlarının nəticələrini bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə təşkil olunub. Konfrans elan olunduqdan sonra böyük diqqətə səbəb olundu. 385 məruzə konfransda çıxış üçün qəbul olunudu. Bundan sonrakı illərdə konfransımızın əhatə imkanlarını da genişləndirərək daha bir tədqiqatçı gənclər platforması yaratmağı qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda bu ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq elmi konfransdır və davamlı şəkildə təşkil olunması planlaşdırılır. İlk ilində dünyanın 21 müxtəlif ölkəsindən 31 tədqiqatçının iştirak etdiyi konfransda bu sayın növbəti illərdə 50-dən çox olması əsas hədəflərdəndir. Düşünürəm ki, bu konfrans ölkəmizdə beynəlxalq standartlara cavab verən ixtisaslaşmış konfransların təşkili ənənəsi formalaşdıracaq və bu da özlüyündə Azərbaycan elminə və iqtisadiyyatına tövhələr verəcək bir tədqiqat platformalarının yaradılmasına istiqamət verəcəkdir. Heç təsadufi deyil ki, konfrans zamanı müxtəlif qurumların nümayəndələri kadr seçimi üçün konfransın seksiyalarında iştirak etmişdirlər. Bunun özü də bu cür konfransların önəmini göstərən əsas amillərdən biridir. Qeyd etmək istərdim ki,  bu son deyil, 9-11 iyul tarixlərində UNEC-in təşkilatçılığı ilə Ömürboyu Təhsil və Liderlik Beynəlxalq Elmi Konfransının beşincisi təşkil olunacaq. Konfransa dünyanın müxtəlif ölkələrindən 200- ə yaxın professor və tədqiqatçı alimlər iştirakı gözlənilir.

Fariz Əhmədov söhbətin bu yerində çox mühüm məsələlərdən birinə toxunur: əcnəbilərin mərkəzə qəbulundan danışır:

-Mərkəzə əcnəbi tələbə qəbulu UNEC-də mərkəzləşdirilmiş qaydada universitetin Beynəlxalq əlaqələr departamenti tərəfindən aparılır. Əcnəbi vətəndaşlar qəbul olmaq istədikləri ixtisasa elektron qaydada müraciət edirlər. Bu müraciətlərdən sonra namizədin öncəki ali təhsilinin magistrdakı ixtisasa uyğunluğu yoxlandıqdan sonra müsahibəyə dəvət olunur. Bundan başqa universitetimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqaüdləri əsasında dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclər təhsil alır. Hazırda mərkəzdə dünyanın müxtəlif ölkəsindən 20- yə yaxın əcnəbi magistrant təhsil alır.

-Xarici universitetlərlə əməkdaşlıq hansı istiqamətləri əhatə edir?

-Universitetimizdə dünyanın nüfuzlu ali məktəbləri ilə magistr ilə müxtəlif ikili diplom proqramları həyata keçirilir. Litvanın Mikolas Romeris, Türkiyənin Uludağ və Süleyman Demirel, Fransanın ICD Paris Biznes Məktəbi və Montpelier universitetləri ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub. Yeni tədris ilindən magistrlər Linkoln Universiteti ilə ikili diplom proqramına qoşula biləcəklər. Bu magistrlərə həm də bir il müddətində Amerikada lisenziya ilə işləmək şansı da yaradacaq.

“UNEC 100” strategiyasına uyğun olaraq  bu proqramların sayının yaxın illərdə daha da artırılması nəzərdə tutulub. İkili diplom proqramları ilə yanaşı, müxtəlif xarici ali təhsil müəssisələri ilə qarşılıqlı tələbə mübadilələri həyata keçirilir. Ölkədə gözlənilən magistratura ixtisasların yeni təsnifatının hazırlanıb yekunlaşdırılmasından sonra universitet tərəfindən müəyyənləşdirilən “UNEC 100” İnkişaf Strategiyasına uyğun olaraq ixtisasların beynəlxalq akkreditasiyasının həyata keçirilməsindən sonra UNEC dünyanın ən öndə gedən ali təhsil müəssisələri ilə ortaq ixtisas proqramları həyata keçirə biləcəkdir. Sözsüz ki, bu istiqamətdə BMDM-də öz yerini alacaq.

-Tədrisə cəlb olunan müəllimlərin seçimində əsasən hansı meyarlara üstünlük verilir?

-Mərkəzdə tədris planları dünyanın nüfuzlu universitetləri əsas alınaraq formalaşdırıldığı üçün daha çox yeni və müasir fənlər üstünlük təşkil edir. Məhz buna görə də, mərkəzə müəllimlər cəlb olunarkən xüsusilə Xaricdə Təhsil Dövlət Proqramının məzunlarına, müxtəlif özəl və dövlət sektoru qurumlarından yüksək vəzifələrdə çalışan təcrübəli mütəxəssislərlə yanaşı, universitetin nüfuzlu professor və müəllim heyəti cəlb olunur. ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ali təhsildə öndə gedən ölkələrin universitetlərinin məzunu olan gənc müəllimlər mərkəzin tədris və tədqiqat prosesinə cəlb olunur. Eyni zamanda müəllim seçimi zamanı xüsusilə tədqiqat bacarıqları, xarici dil biliyi, müasir tədqiqat və proqram təminatları haqqında məlumatlı olan namizədlərə daha çox üstünlük verilir. Eyni zamanda tədqiqat prosesində yaxından iştirak etməsi üçün müəllimlərin elmi dərəcələrinin və doktorantura pilləsindən məzun olmaları önəmlidir.

-İş dünyası ilə əlaqələrdə hansı yeniliklər gözlənilir?

-BMDM olaraq əsas hədəflərimizdən biri də universitet-sənaye işbirliyini genişləndirərək təhsili iqtisadiyyatdan ayrılmaz bir hissəyə çevirməkdir. Mərkəz hazırda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi” yaradılıb. Burada 22 tədqiqat işi həyata keçirilir. Eyni zamanda mərkəzin AR Gənclər Fondu, AR Ticarət və Sənaye Palatası, ARDNF kimi qurumlarla əməkdaşlıq edir. Bu qurumlarla müxtəlif istiqamətli layihələr həyata keçirilməklə yanaşı, tədqiqat mərkəzlərinin qurulması da əsas prioritet məsələlərdəndir.

İş dünyası ilə əlaqələr sadəcə tədqiqat istiqamətində deyil, eyni zamanda magistrantlara karyera imkanlarının yaradılması ilə bağlı da  qurulub. Özəl və dövlət sektorunun müxtəlif qurumları ilə əməkdaşlıq çərçivəsində mərkəzdə işə qəbulla bağlı imtahan və müsahibələr keçirilir. 2019-cu ildə “Əmrahbank ASC”, “Rabitəbank ASC”, “Gilan Holding”, “Sinergy Group” və s. kimi yerli şirkətlərlə yanaşı, dünyanın nüfuzlu “KPMG”, “Delloite” kimi şirkətləri mərkəz magistrantları arasından işçi seçimi üçün imtahan və müsahibələr təşkil edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay