A

UNEC İqtisadi Forumu 2021 çərçivəsində Azərbaycanda səfərdə olan tanınmış alim, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, tex.e.d., professor Fuad Ələsgərov UNEC-də müasir iqtisadiyyatın aktual problemlərinə dair silsilə master-klass və mühazirələr keçirir.

Nüfuzlu alimin çıxış etdiyi mövzularla bağlı elmi təhlilləri, açıqlamaları müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

UNEC News professor Fuad Ələsgərovla müsahibəni təqdim edir.

-Fuad müəllim, sizi UNEC-də görməkdən məmnunluğumuzu ifadə etmək istəyirəm. İlk sualımız UNEC-dəki tədris sistemi barədə olacaq. Diqqətinizi daha çox cəlb edən nə oldu?

-UNEC-dəki tədris sistemini tam öyrənmək imkanım olmadığı üçün hazırda bu suala dolğun bir cavab verə bilmərəm. Amma bütövlükdə, artıq neçənci dəfədir ki, Azərbaycana gəlirəm, bu səfərlərdə UNEC-də də mütləq oluram. Söyləyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti sürətlə inkişaf edən, proqressiv universitetdir və daima yeniliklər edir, müasir fənlər tədris prosesinə daxil edilir və bu, təqdirəlayiqdir.

-Rusiya Ali İqtisad Məktəbi və UNEC tələbələri, ümumiyyətlə tələbə auditoriyası bir-birindən nə dərəcədə fərqlənirlər, hansı özəllikləri var?

-Tələbələriniz məqsədyönlüdürlər, maraqlı suallar verir, diqqətlə dinləyirlər. Bu mənada ali təhsil müəssisələrimizin tələbələri arasında elə bir fərq yoxdur. Başqa məsələdir ki, riyaziyyatla bağlı tədris məqamları artmalıdır, çünki iqtisadiyyatı riyaziyyatsız öyrənmək mümkün deyil.

-Tələbələrin çoxu riyaziyyatı mürəkkəb fənn hesab edirlər. Siz necə düşünürsünüz?

-Mən belə düşünmürəm. Riyaziyyat – dildir, dili öyrənməyin öz qanunları var. Məşq etmək, praktika lazımdır, riyazi cümlələrin qaydalarını öyrənmək lazımdır. Bir də bir məsələ var, riyaziyyatla bağlı fakültələrdə riyaziyyatı abstrakt səviyyədə tədris edir və öyrənirlər. İqtisadiyyatda isə bunu praktiki formada tədris etmək, bilavasitə həyatla, konkret məsələlərin həlli ilə bağlamaq lazımdır. Təəssüf ki, buna uzun illər ərzində əməl olunmayıb.

-Siz dünyanın aparıcı universitetlərində tədris aparmış təcrübəli pedaqoq kimi, tədrisin üç əsas şərti, baza parametri kimi nələri qeyd edərdiniz?

-Birincisi, yaxşı lektorlar, mühazirəçilər. İkincisi, müvafiq tələbə auditoriyası, yəni məhz oxumağı, öyrənməyı qarşılarına məqsəd qoymuş insanlar. Üçüncüsü isə, tələbələrə onlarda maraq oyadacaq, onları cəlb edəcək həyati, real çalışmalar vermək lazımdır. Məsələn, Ali İqtisadiyyat Məktəbində tədris etdiyim fənləri artıq mənim tələbələrim də aparır. “Rəqəmsal iqtisadiyyatın instrumental modeli” kursunun əsas məqsədlərindən biri məhz budur – real həyatda, real məsələlərin həllində riyaziyyatın necə fayda verdiyini, lazım olduğunu göstərməkdir.

-UNEC-lə Rusiya Ali İqtisadiyyat Məktəbi arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?

-Bilirsiniz, mən Karl Popperin “Elmdə biliyin sahələri və istiqamətləri yoxdur, elmdə yalnız həll olunmamış məsələlər və həll etmək zəruriyyəti var” ifadəsini çox sevirəm. Bu mənada onu deyə bilərəm ki, dünya elmində saysız-hesabsız həll edilməli məsələlər var ki, bu istiqamətdə istedadlı gənclərin, təbii ki, müəllimləri ilə birgə çalışması və əməkdaşlıq etməsi zəruriyyəti var. Ali təhsil müəssisələrimizin əməkdaşlığını ilk növbədə bunda görürəm.

-Tələbələrə nə tövsiyə edərdiniz?

-Tövsiyəm odur ki, vaxtlarından səmərəli istifadə etsinlər, boş yerə sərf etməsinlər. Gündəmdə olan, aktual problemlərin həllinə yönəlmiş tədqiqatlar aparsınlar.

-Fuad müəllim, UNEC İqtisadi Forumu barədə fikirlərinizi bilmək istərdik.

-Dünyanın tanınmış alimlərinin dəvət olunduğu Forumda müxtəlif sahələri əhatə edən aktual və əhəmiyyətli mövzularda maraqlı çıxışlar oldu. Düşünürəm ki, bu qəbildən olan forumların tez-tez təşkil olunması lazımdır. Çünki belə forumlar effektli elmi tədqiqatların aparılması istiqamətində yol xəritəsi rolunu oynayırlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay