UNEC-in Laosdan olan məzunu Khenethong Sisouvong 40 ildən sonra məzun olduğu universitetdə olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan, Azərbaycanda təhsil almış Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri də Khenethong Sisouvongla birlikdə UNEC-ə səfər ediblər.
Hazırda Laos-Azərbaycan Dostluq assosiasiyasının vitse-prezidenti olan Khenethong Sisouvong 1980-1984-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Xalq təsərrüfatının idarəolunması” ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra vətəninə qayıdan K.Sisouvong Laos Sosialist Respublikasının planlaşdırma və innovasiyalar nazirinin müavini vəzifəsinə kimi yüksəlmişdir.
O, təəssüratlarını bölüşərək bildirib: “Azərbaycana gəlmək və doğma UNEC-i yenidən görmək imkanı məni çox sevindirdi və duyğulandırdı. Bura mənə çox dogmadır, çünki ən gözəl çağlarımı, tələbəlik dövrümü burada keçirmişəm, çoxlu dostlar qazanmışam. Mənə dərs demiş müəllimlərimi də hər zaman böyük sevgi ilə xatırlayıram”.