UNEC-in tərəfdaşlığı və Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) keçirilib.
Səfərin əsas məqsədi Estoniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan TalTech-in sahibkarlıq təhsili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.
Təlimlər çərçivəsində sahibkarlıq təhsili, universitet-sənaye əməkdaşlığı, Estoniyanın startap ekosistemi, rəqəmsallaşma, elektron idarəetmə və digər mövzularda seminarlar keçirilib, nümayəndə heyətinin TalTech İnnovasiya və Biznes Mərkəzini, universitetin müvafiq laboratoriyalarını və Estoniyanın ən böyük startapını ziyarət ediblər.
Təlimlərdə ENGAGE layihəsində təmsil olunan UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bakı Biznes Univetsitetinin rektoru İbad Abbasov və digərləri iştirak ediblər.
Qeyd edək ki, ENGAGE layihəsi çərçivəsində ilk təlimlər cari ilin 21-25 avqust tarixlərində İsveçin KTH Kral Texnologiya Universitetində keçirilib.