A

UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, ETN-nin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, rektor prof. Ədalət Muradov, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, ümummilli liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov konfrans iştirakçılarını salamlayaraq, ənənəvi olaraq, hər il keçirilən konfransda rəqəmsal iqtisadiyyat, eləcə də ali təhsilin rəqəmsallaşdırılması ilə bağlı aktual mövzuların müzakirə olunduğunu bildirib. Ali təhsilin rəqəmsallaşmasının zəruriliyini və qaçılmazlığını diqqətə çatdıran rektor, UNEC-in rəqəmsal universitetə çevrildiyini diqqətə çatdırıb. Ötən tədris ilindən fənlərin 21-ci əsrin bacarıqlarına əsaslanan, yəni adaptiv, çevrilmiş təhsil metodları ilə aparıldığını, bu istiqamətdə yeniliklərin tətbiqinin davam etdirildiyini deyib.

Rektor ali təhsilin rəqəmsallaşdırılması ilə bağlı açıq müzakirələrin aparılmamasının cəmiyyətdə yanlış fikirlərin yaranmasına şərait yaratdığını bildirib və təhsil məsələlərinin maraqlı tərəflərlə müzakirə olunmasının vacibliyini vurğulayıb. Ə.Muradov yeni ali təhsil modelini rəqəmsal bacarıqlara, adaptiv və çevrilmiş təhsil metoduna, 21-ci əsrin bacarıqlarına və layihə əsaslı təhsilə keçiddə gördüyünü söyləyib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli rəqəmsal iqtisadiyyata keçid istiqamətində qarşıda duran vəzifələrdən və əldə olunacaq müsbət nəticələrdən danışıb. Ölkədə dayanıqlı inkişafı təmin etmək məqsədilə Azərbaycanın yeni nəsil iqtisadiyyatı strategiyasının hazırlandığını deyən nazir müavini, bu strategiyanın biznes transformasiyasının gücləndirilməsinə, 4Sim texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model müəssisələrin və texnomərkəzlərin yaranmasına geniş zəmin yaradacağını deyib. O, konfransın ölkədə rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov rəqəmsal iqtisadiyyat sahəsindəki qlobal tendensiyalardan, bu istiqamətdə dövlət qurumlarının üzərinə düşən vəzifələrdən, eləcə də ali təhsil müəssisələrində yaradılan innovasiya mərkəzlərinin fəaliyyətindən söz açıb. Bildirib ki, agentliyin dəstəyilə 2023-2024-cü illər üzrə UNEC-in  tələbə və məzunları tərəfindən ekosistemə töhfə verən 20-dən çox startap yaradılmışdır. Hazırda UNEC ən aktiv innovasiya fəaliyyətinə sahib universitetdir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov konfransda rəqəmsallaşmanın iqtisadi proseslərə müsbət təsirindən, idarəetmə, xidmətlərin göstərilməsi və gündəlik həyatda müasir texnologiyaların tətbiqi trendlərindən danışıb. Eyni zamanda dördüncü sənaye inqilabı texnologiyalarının insanların təhsil alma və öyrənmə davranışlarına, ödəniş formalarına, ümumi məlumat mübadiləsinə, eləcə də dövlət xidmətlərindən istifadəsinə təsirləri barədə fikirlərini bölüşüb.

ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev konfransı ölkənin müxtəlif qurumlarını bir yerə toplayaraq,  rəqəmsal iqtisadiyyatda mühüm əhəmiyyətə malik, qlobal çağırışlara cavab verən, eləcə də ölkədənin dövlət siyasətini dəstəkləyən Milli Sammit adlandırıb. Akademik 4-cü sənaye inqilabının gətirdiyi yeniliklərdən, texnoloji çağırışlar kontekstində süni intellektin yaratdığı müsbət və mənfi təsirlərdən danışıb. Rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı ilə bağlı elmi nəzəri biliklərə əsaslanan kompleks proqramların hazırlanmasının vacibliyini vurğulayıb.

ETN-nin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov süni intellektin rəqəmsal iqtisadiyyata təsirindən, bu istiqamətdə yaranan problemlər və onların həlli yollarından bəhs edib.

Konfrans plenar iclaslarla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay